Qəzaya düşmüş Fairchild FH-227D təyyarəsi

Qəzaya düşmüş Fairchild FH-227D təyyarəsi

16 07.02.2021 - 20:46 Category
Qəzaya düşmüş Fairchild FH-227D təyyarəsi

Çilinin Santyaqo şəhərinə doğru uçan “Fairchild FH-227D” təyyarəsi 1972-ci il oktyabr ayının 13-də And dağlarında qəzaya uğrayıb.

Uruqvayın Montevideo şəhərindən havaya qalxaraq Çilinin Santyaqo şəhərinə doğru uçan “Fairchild FH-227D” təyyarəsi And dağları üzərindən uçarkən qəzaya uğradı. Təyyarədə 40 sərnişin vardı. Sərnişinlərin əksəriyyəti reqbi komandasının üzvləri və onları müşayiət edənlər idilər. Dərhal hadisə yerinə axtarış-xilasedici qrupu göndərildi. Lakin onlar qəzaya uğrayan təyyarənin yerini müəyyən edə bilmədilər. 40 gün davam edən uğursuz axtarışlardan sonra qəzaya uğrayan təyyarə ilə bağlı axtarışlar dayandırıldı. Belə hesab edildi ki, qəzaya uğrayan təyyarədəkilərin hamısı həlak olub. Bu da əsassız deyildi. Belə ki, həmin dövrdə And dağlarında dəhşətli çovğunlar və şaxtalar hökm sürürdü. Amma axtarışı dayandıran xilasedicilər bilmirdilər ki, qəza nəticəsində 33 nəfər sağ qalıb. Onlar 3,5 min metr hündürlükdə köməksiz vəziyyətdə qalmışdılar. Aclıq və soyuq qəzadan sağ qurtaranların vəziyyətini gündən-günə ağırlaşdırırdı. Onlar artıq ölümün pəncəsindən xilas ola biləcəklərinə olan ümidlərini itirmişdilər. Bu cəhənnəmdən xilas olmaq isə mümkün deyildi. Çünki hər tərəf keçilməz dağlar və qayalıqlar idi. Yolun haradan başlayıb haraya getdiyini isə heç kim bilmirdi. Belə bir vəziyyətdə isə iki nəfər bu cəhənnəmdən xilas olmaq qərarına gəldi. Onlar ağlasığmaz bir şəkildə qayalıqları aşaraq dekabrın 20-də özlərini dağ ətəyindəki kəndlərdən birinə çatdıra bildilər və hadisə barədə kənd sakinlərinə məlumat verəndən sonra huşlarını itirdilər. Kənd sakinləri isə bu barədə dərhal müvafiq qurumlara xəbər verdilər. Nəticədə hadisə yerinə gələn xilasedicilər 16 nəfəri xilas edə bildilər. Qəza nəticəsində sağ qalan digər 17 nəfər isə aclıq və soyuğa tab gətirməyərək ölmüşdülər.

Oxşar Məqalələr